Dünyada fövqəladə vəziyyət

Dünyada fövqəladə vəziyyət

11 May 2011 19:00
Bəyəndim (0) Bəyənmədim (0)

Polşada tekstil anbarlarında yanğın baş verib

10 may 2011-ci il tarixində Polşanın paytaxtı Varşava şəhəri yaxınlığında tekstil məmulatlarının saxlandığı anbarlarda güclü yanğın baş verib. Alov "Volka Kasovska" adlanan ərazidə qeydə alınıb. Son məlumata əsasən, yanğının ümumi sahəsi 10000 m2 təşkil edir. Ərazidə, həmçinin, xeyli sayda ofis binalarının da yerləşdiyi bildirilir. Havaya qalxan tüstünün insan sağlamlığı üçün zərərli olduğu ehtimal olunur. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yerləşən yaşayış evlərindən sakinlərin təxliyyəsi həyata keçirilib. Hadisə yerinə xeyli sayda texnika və yanğınsöndürən cəlb edilib. Ərazidə müvafiq işlər görülür. Yanğının başvermə səbəbi barədə məlumat verilmir. Araşdırma aparılır.


Çində zəlzələ baş verib

10 may 2011-ci il tarixində Bakı vaxtı ilə saat 20:26-da Çinin şimal-şərqində yerləşən Szilin vilayətində zəlzələ baş verib. Yeraltı təkanların gücü 6,1 bal təşkil edib. Çin Zəlzələ Administrasiyasının yaydığı məlumata əsasən, zəlzələnin episentri Xançun şəhərindən 80 km aralıda qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.


Rusiyada güclü yanğın baş verib

Rusiyanın Çelyabinsk vilayətində 7 may 2011-ci il tarixində baş vermiş meşə yanğını məhdudlaşdırılıb. Alov ümumilikdə 900 hektar meşə sahəsini məhv edib. Yanğınla mübarizəyə xeyli sayda texnika və canlı qüvvə cəlb edilib. Hazırda yaxınlıqdakı yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Qeyd edək ki, yanğın "Rosatom" Dövlət Korporasiyasının nüvə silahı kompleksinə aid "Mayak" istehsalat birliyinin yaxınlığında, radioaktiv fonun yüksək olduğu ərazidə baş verib. Hadisənin xüsusi nəzarətə götürüldüyü bildirilir.
Xatırladaq ki, "Mayak" istehsalat birliyində 1957-ci ilin 29 sentyabr tarixində qəza baş verib. Nəticədə, radioaktiv maddələr 300 km məsafədə yayılıb ki, bu da 200 insanın ölümünə, minlərlə insanın şüalanmasına səbəb olub. Ətraf ərazilərdə olan 217 yaşayış məntəqəsinin əhalisi köçürülüb.

Filippində qasırğa baş verib

Son bir neçə gün ərzində Filippində çoxsaylı insan tələfatı ilə nəticələnən qasırğa baş verib. Güclü yağışlarla müşayiət olunan "Aere" tropik qasırğası ölkənin mərkəzində yerləşən bir neçə vilayətdə dağıntı, torpaq sürüşməsi və subasmaya səbəb olub. Nəticədə, 24 nəfər ölüb, 6 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşmüş hesab olunur. Qasırğanın, təxminən, 210 min nəfərə zərər vurduğu bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində 6400 nəfər təxliyə olunub. Həmçinin, xeyli sayda avtomobil yolları və körpülərə, təxminən, 7200 hektar əkin sahəsinə ziyan dəyib. Mövcud vəziyyətlə əlaqədar Albay və Cənubi Kamarines vilayətlərində fövqəladə vəziyyət elan edilib. Baş vermiş təbiət hadisəsinin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Günel Həbib