SN: "Hazırda Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxma problemi var"

SN: "Hazırda Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxma problemi var"

13 Avqust 2013 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanla qonşu olan ölkələrdə - Türkiyə, Gürcüstan, Rusiyada qızılca xəstəliyinə yoluxma halları azalsa da, onun kökü tam kəsilməyib. Ona görə də bu xəstəliyə yoluxma hadisəsinin ölkəyə gətirilməsi yenə də gözlənilə bilər.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva yay turizm mövsümü ərzində xarici ölkələrə səfər edən insanlar tərəfindən Azərbaycana hər hansı infeksion xəstəliklərin gətirilə bilməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, miqrasiya nəticəsində hər bir xəstəliyin yayılma ehtimalı ola bilər: "Hazırda Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxma problemi var. Bu, eləcə də digər infeksion xəstəliklərin Azərbaycana gətirilmə halları ola bilər. Ona görə uşaqları qızılcaya, o cümlədən digər xəstəliklərə qarşı təqvimə, yaşına uyğun peyvənd etdirmək lazımdır ki, onlar hər hansı ölkəyə gedəndə orada bu xəstəliyə yoluxmasınlar". A.Əliyeva deyib ki, xarici ölkələrdə bu xəstəliyə yoluxduqda onu Azərbaycana gəldikdən sonra digərlərinə yoluxdura bilərlər: "Ətrafdakı uşaqların immun sistemi yüksək səviyyədədirsə, onda xəstəliyin yayılması bir o qədər baş verməz. Ona görə də uşaqları peyvənd etdirmək lazımdır ki, gətirilmə halı olsa belə, bu, Azərbaycanda həmin xəstəliyin yayılmasına səbəb olmasın".

A.Əliyeva deyib ki, bu il aprel ayında Azərbaycanda qızılcaya yoluxma halı nisbətən çox idi. Ancaq indi bu xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır və yoluxma demək olar ki, "yox" səviyyəsində hesab edilir.

O.M.