Azərbaycan Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edir

Azərbaycan Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edir

11 May 2011 16:30
Bəyəndim (0) Bəyənmədim (0)


Seulda (Cənubi Koreya) 7-ci Ümumdünya informasiya və kommunikasiya sammiti işə başlayıb. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, "Ağıllı cəmiyyət və mobil inqilab" şüarı altında keçirilən builki sammitdə Azərbaycanı ölkənin rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir. Nazir və nazir müavinləri səviyyəsində təşkil olunan sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək öz təcrübələri və fikirlərini bölüşəcək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcək. E.Vəlizadə tədbirdə Azərbaycanda informasiya texnologiyalarının inkişafı haqqında təqdimatla çıxış edəcək. Qeyd edək ki, sammit iştirakçıları Cənubi Koreyanın informasiya texnologiyaları sahəsinin ən iri sərgisi olan "World IT Show 2011"in ekspozisiyası ilə tanış olacaq. Builki sərginin mövzuları simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, LAN/WAN, simsiz LAN- texnologiyalarıdır.




O.M.