Bakı-Qazax yolunda üç maşın toqquşub, ölən və xəsarət alanlar var

Bakı-Qazax yolunda üç maşın toqquşub, ölən və xəsarət alanlar var

5 Avqust 2013 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb, üç nəfər ağır yaralanıb.

Baş Dövlət Yol Polisindən (BDYP) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avqustun 4-də axşam saatlarında Bakı-Qazax yolunun 153-cü kilometrliyində Hacıqabul rayonunun Padar kəndi ərazisində Tərtər sakini, 1982-ci il təvəllüdlü, hərbçi Həsənzadə Əli İmran oğlunun idarə etdiyi "Toyota Corolla" markalı, H 019 782 dövlət nömrə nişanlı avtomobillə, Göyçay sakini, 1964-cü il təvəllüdlü Aşurov İnqilab İltifat oğlunun idarə etdiyi "Mercedes" markalı, 90 ML 166 dövlət nömrə nişanlı avtomobil və Mingəçevir sakini, 1968-ci il təvəllüdlü Məhəmməd Abbasovun idarə etdiyi "Nissan" markalı 32 BC 580 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Qəza nəticəsində "Mercedes"in sərnişini, Göyçay sakini Mustafayev Füzuli Şərafətddin oğlu hadisə yerində dünyasını dəyişib, sürücü İ. Aşurov və digər sərnişin, Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Səmədov Elnur Eldəniz oğlu müxtəlif xəsarət alaraq, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbəsinə yerləşdiriliblər.

"Toyota"nın sürücüsü Ə. Həsənzadə isə sağ yuxarı ətrafların sınığı və qarının küt travması diaqnozu ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYP-nin istintaq idarəsində cinayət işi açılıb, araşdırma aparılır.

O.M.