Azərbaycanda bu il üçün sonuncu qəbul imtahanı keçirilir

Azərbaycanda bu il üçün sonuncu qəbul imtahanı keçirilir

3 Avqust 2013 09:39
514
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən Apa-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 42 binada təşkil olunub. İmtahanların idarə olunması üçün 174 imtahan rəhbəri və 1869 nəzarətçi-müəllim cəlb edilib.

2013-cü ildə II qrup üzrə 23052 abituriyent ərizə təqdim edib. Onlardan 20544 nəfəri Azərbaycan bölməsinin, 2508 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14566 nəfərini oğlanlar, 8486 nəfərini isə qızlar təşkil edir. 14265 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 7388 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent xarici ölkələrin vətəndaşıdır. 97 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1302 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 18-dən 22-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

O.M.