Azərbaycanda abituriyentlərin nəticəsi aşağı düşüb

Azərbaycanda abituriyentlərin nəticəsi aşağı düşüb

2 Avqust 2013 13:07
619
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bu il qəbul imtahanlarında abituriyentlərin göstərdikləri nəticələr keçən illə müqayisədə 1-2 faiz aşağıdır. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiysının (TQDK) sədri Məleykə Abbassadə cümə günü keçirilən mətbuat konfransında bildirib.

M.Abbassadə deyib ki, abituriyentlərinin qruplar üzrə bilik səviyyəsinin qiymətləndirilməsi ilə bağlı yekun nəticələr imtahanlar bitəndən sonra açıqlanacaq: "Hazırda biz ümumilikdə nəticələrin yaxşılaşdığını söyləyə bilmərik".

TQDK sədri eyni zamanda balların aşağı salınmasının Ukrayna və Gürcüstan universitetlərinə abituriyent axınının qarşısının alınması ilə əlaqələndirilməsinə aydınlıq gətirib. O vurğulayıb ki, təhsil sistemi təhsil alanların maraqlarını müdafiə etməlidir, təhsil sisteminin, təhsil sistemində işləyənlərin yox: "Bizim üçün təhsil almaq marağı əsasdır. Elə ölkələr var ki, gənclərdə təhsil almaq marağı yoxdur. Balların aşağı salınmasının səbəblərindən biri də gənclərimizin təhsil ətrafındakı işgüzar adamların təsirinə düşmələrini istəməməyimizdir".

M.Abbaszadə, həmçinin regionlarda keçirilən qəbul imtahanlarının təşkilatçılığından da danışıb. O qeyd edib ki, imtahanlar zamanı təşkilati nöqteyi-nəzərdən hər hansı çətinlik olmayıb.

M.Abbaszadə deyib ki, regionlarda imtahan proseslərinə cəlb olunanlar region müəllimləri olub: "Biz qorxurduq ki, bu müəllimlər yerlipərəstlik edərək köçürmə hallarına yol verəcəklər. Ancaq belə narahatedici məqamlar olmadı. Regionlarla Bakı üzrə köçürmə nəticəsi eyni oldu. Biz keçid balından yuxarı olanların köçürüb-köçürmədiyini araşdırırıq".

TQDK sədri imtahanlar zamanı qaydaları pozanlara bu il ikinci dəfə şans verilməyəcəyini vurğulayıb: "İmtahanda qaydaları pozanlara niyə ikinci şans verilməlidir? Belə şans verilməyəcək".

O.M.