Bu gün milli liderimizin ad günüdür!
Bu gün - 10 may tarixində ümummilli liderimiz Heydər Əliyevin ad günüdür. O, böyük siyasət və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, onun coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.
Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Lakin 1941-ci ildə başlayan müharibə ona təhsilini başa vurmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (G.H-indiki Sankt-Peterburqda) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər
Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və
SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali
Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi
qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları
və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış
kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz
əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının
sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra
isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.
O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci
ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis
qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə
ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə
ayağa qalxıb. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya
dəvət etməyə məcbur olublar. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan
Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də
xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini
toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il
oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli
sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə
əlaqədar seçkilərdə iştirakdan imtina edib.
Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin
universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara
layiq görülüb. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu
medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir
çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər
Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın
ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz
onun adı ilə bağlıdır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı,
zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək
nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi
zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını
gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda
mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini
yenə Heydər Əliyevə etibar edib. Xalqının belə dar bir gündə qaldığını görüb
onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük
siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə
qarşılayıb, həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın
tarixinə yazıb.
Cəmiyyətləri orqanizmə bənzətsək, xilaskar liderləri onun immuniteti hesab edə bilərik. Çünki cəmiyyətimiz ağır xəstəliklərə tutulduğu zaman məhz ümummilli liderimiz onu min bir bəladan xilas etdi.
Günel Həbib
O.M.