Bakıda zibillikdən 4 aylıq uşaq tapıldı

Bakıda zibillikdən 4 aylıq uşaq tapıldı

7 May 2011 20:30
Bəyəndim (0) Bəyənmədim (0)
Elturan İsayevdə sifilis aşkar edilib

Zibillik deyəndə ilk növbədə gözümüzün qarşısında canlanan müxtəlif zibillərlə dolu olan üfunətli, ən çox itlərin, pişiklərin gəzişdiyi yerlər canlanır. Oraya evdə və digər yerlərdə yığılan, xarab olan lazımsız şeylər tullanır. Evdə bir qədər natəmizlik olanda deyirlər ki, bu nədir, ev zibilliyə oxşayır. Xüsusən körpə uşaqların olduğu evləri daha təmiz saxlamağa, həmin evlərdə heç bir pis qoxunun olmamağına, siqaret çəkilməməyinə çalışırlar. Çünki uşağı sağlam böyütmək üçün onu təmiz saxlamaq, hər cür pis qoxudan qorumaq lazımdır. Xüsusən də körpə uşağı...

Zibillikdə yaşayan, orada qidalanan heyvanların balasının həmin yerdə doğulması təbiidir. Çünki bizim üçün ev nədirsə, heyvanlar üçün də zibillik odur. Təəssüf ki, aramızda evi zibilliklə səhv salan heyvan xislətli insanlar da tapılır. Siz hansısa bir ananın yenicə dünyaya gətirdiyi körpəsini zibillikdə təsəvvür edirsinizmi?.. Bu sualın dəhşətindən adamın tükləri biz-biz olur. Ancaq nə qədər dəhşətli də səslənsə də, son vaxtlar belə hallarla qarşılaşırıq. Hələ ana əllərinin hərarətini duymamış, hələ ana nəfəsinin istisinə qızınmamış dünyanın zibillik adlı çirkabına atılan bu məsum körpələr qol-qanadı bərkiməmiş həyatın fırtınasına düşürlər. Bu gün sizə belə körpələrdən biri haqqında söhbət açmaq istəyirəm. O, körpə ki, atılmağından başqa həm də anasından "qazandığı" ağır xəstəliyin acısını çəkir.


Bu yaxınlarda polis işçiləri şəhərin mərkəzində (qeyd: Bakı şəhəri Həzən Seyidbəyli küçəsində) yerləşən zibilliklərin birində bələyə bükülmüş körpə bir uşaq tapıblar. Onu bölməyə apardıqdan sonra uşağın bələyinin içindən balaca bir kağız parçası çıxıb. Həmin kağızda körpənin ad-familiyası və doğulduğu tarix yazılmışdı. Bu qeydləri oxuduqdan sonra məlum oldu ki, Elturan İsayev dörd aydan bir qədər artıqdır dünyaya gəlib. Polis işçiləri akt tərtib etdikdən sonra körpəni xəstəxanaya aparıblar. Vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə qəbul olunub. On gün orada müalicə alıb.



Müalicənin gedişi zamanı həkimlər Elturanda anadangəlmə sifilis xəstəliyinin olduğunu aşkar ediblər. Respublika Dəri-Zöhrəvi xəstəxanasından aldığımız məlumata görə, oraya gətirilərkən uşağın çəkisi 3 kiloqram 600 qram, yəni normadan xeyli aşağı olub. Xəstəxanaya gətiriləndən sonra xəstənin səhhətində nisbətən irəliləyiş müşahidə olunub. Çəkisi bir qədər artıb. Sağalacağına ümid böyükdür. Ancaq ehtimal var ki, uşaq kar olsun. Hər halda həkimlər onu tam sağaltmaq üçün çalışırlar. Bütün həkimlər bu balaca körpənin sağalması üçün əllərindən gələni edir, ona lazımi yeməkləri, pal-paltarları alıb gətirirlər. Tibb bacıları gecə-gündüz onun qulluğunda dururlar.


Bəli, bu böyük dünyanın böyük adamları balaca bir körpəni əl-ayağa dolaşan lazımsız əşya kimi, zir-zibil kimi zibilliyə atıb, sonrakı taleyi ilə isə heç maraqlanmayıblar da. Bəlkə heç anası indiyə kimi də bilmir ki, o, övladını belə ağır bir xəstəliyə yoluxdurub?!. Övladı isə bapbalaca bədəni ilə, kiçik yumruqları ilə valideynlərinin ona bəxş etdiyi acılarla mübarizə aparır. Bu mübarizədən birtəhər sağ-salamat çıxmaq üçün bu balaca körpə heç kimə - nə ata-anasına, nə də yaxın qohum-əqrəbasına güvənə bilmir. Bircə ağxalatlı həkimlərdən və yaxşı insanların mərhəmətindən başqa onun heç bir güvənc yeri yoxdur. Belə körpələrimizin valideynləri insafdan, mərhəmətdən uzaq olsalar da, Allah onlardan yaxşı insanların mərhəmətini əskik etməsin. Yoxsa, bir anın içində məhv olar bu cür fidan balalar...


Allah bütün canlılarda övlad sevgisi instinktini yaradıb. Hətta ən vəhşi saydığımız heyvanlar da balalarını mümkün təhlükələrdən qoruyurlar. Ancaq ali varlıq hesab olunan şüurlu insan bəzən heyvan qədər də ola bilmir...

Emil Tahiroğlu

O.M.