Dünyanın bugünkü fövqəladə vəziyyəti

Dünyanın bugünkü fövqəladə vəziyyəti

7 May 2011 14:17
Bəyəndim (0) Bəyənmədim (0)


Toqoda ağır yol-nəqliyyat qəzası baş verib

6 may 2011-ci il tarixində Toqoda çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. İçərisində Burkina Faso Respublikasının təxminən 68 nəfər vətəndaşı olduğu sərnişin avtobusu təmirdə olan körpünün üzərindən keçərkən aşıb. İlkin məlumata əsasən, 26 nəfər ölüb, 42 nəfər xəsarət alıb. Avtobusun Burkina Faso Respublikasının paytaxtı Uaqaduqu şəhərindən Toqonun paytaxtı Lome şəhəri istiqamətində hərəkət etdiyi bildirilir. Ərazidə müvafiq işlər görülüb. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Araşdırma aparılır.


İndoneziyada torpaq sürüşməsi baş verib

İntensiv yağan leysan xarakterli yağışlar 6 may 2011-ci il tarixində İndoneziyanın cənubunda yerləşən Qərbi Yava vilayətində torpaq sürüşməsinə səbəb olub. İlkin məlumata əsasən, 17 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşmüş hesab olunur. Xeyli sayda insanın yaşayış yerini tərk etdiyi bildirilir. Hazırda hadisə ərazisində axtarış-xilasetmə işləri aparılır. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.


Uzaq Şərq regionunda yanğınlar artıb

Son sutka ərzində Rusiyanın Uzaq Şərq regionunda 15 min ha ərazidə 68 yanğın qeydə alınıb. Onlardan 49-u meşə mühafizəçiləri və xilasedicilər tərəfindən söndürülüb. Hazırda 19 yanğının dəf edilməsi üçün müvafiq işlər görülür, 8 yanğın mənbəyi lokallaşdırılıb. Yanğınların söndürülməsi üçün ümumilikdə 700 yanğınsöndürən və 156 ədəd texnika cəlb olunub. Yaranmış vəziyyətlə əlaqədar ərazilərdə müvafiq təhlükəsizlik tədbirləri görülür.


ABŞ-da subasma davam edir

İntensiv yağan leysan xarakterli yağışlar nəticəsində ABŞ-ın cənub-şərqində yerləşən Missisipi ştatında baş vermiş subasma davam edir. Mənbəyə əsasən, ştat ərazisindən keçən Missisipi çayı bir sıra yerlərdə məcrasından çıxaraq ətraf əraziləri su altında qoyub. Çayın bir sıra hissələrində isə suyun səviyyəsinin qalxaraq kritik həddə çatdığı bildirilir. Növbəti bir neçə gün ərzində qeyd olunan çayda suyun daha da artacağı proqnozlaşdırılır. Təhlükəsizlik tədbirləri çərçivəsində 6 may 2011-ci il tarixindən etibarən 8 gün ərzində çayda gəmilərin hərəkəti qadağan edilib, həmçinin Memfis şəhərində təxminən 3 min yaşayış evindən sakinlərin təxliyyəsi həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam etdirilir.


Dünyada fövqəladə rejim davam edir. Çünki insanlar ekologiyaya qarşı təcavüzlərini davam etdirirlər...

Hafiz Əhmədov

O.M.