Fukusima-1” AES-də suyun həcmi artırıb

Fukusima-1” AES-də suyun həcmi artırıb

6 May 2011 14:29
Bəyəndim (0) Bəyənmədim (0)


Mayın 6-da "Fukusima -1" Atom Elektrik Stansiyasının (AES) operatoru "Tokio elektrik pauer" şirkətinin nümayəndəsi xəbər vermişdir ki, qəzalı AES-in birinci blokunda reaktorun daxilinə vurulan suyun həcmi saatda 6 tondan 8 tona çatdırılmışdır. Ekspertlərin proqnozlarına görə, suyun həcminin artırılması 20 gün müddətində yanacaq borularının su ilə tamamilə örtülməsinə imkan verəcəkdir. Bunun üçün isə reaktorun daxilinə 7,4 min ton su vurulmalıdır. "Fukusima-1" AES-in birinci blokunda reaktorun yerləşdiyi binanın daxilində havanın təmizlənməsinə başlanmışdır. Xüsusi qoruyucu geyimli 13 texnik qəzadan sonra ilk dəfə olaraq ventilyasiya qurğularını quraşdırmaq üçün tikiliyə daxil olmuşlar. Burada hava 3 gün müddətində təmizlənəcəkdir. Ekspertlər bildirirlər ki, nəticədə enerji blokunun yerləşdiyi binada radiasiya fonunun saatda 10-40 millizivertdən bir neçə millizivertə qədər azaldılması mümkün olacaqdır. Adi insan üçün saatda 0,05 - 0,2 mikrozivert norma hesab edilir. Yaponiya qanunlarına görə, nüvə obyektlərində qəzaların aradan qaldırılması zamanı ildə 100 millizivert şüa qəbul olunması mümkün hesab edilir.


Mütəxəssislər birinci enerji blokunda reaktorun daxilinin hava ilə soyudulması üçün yeni qurğunun quraşdırılmasına hazırlaşırlar. Həmin qurğunun quraşdırılmasına mayın 8-də başlanması planlaşdırılır. Analoji qurğular 2-ci və 3-cü enerji bloklarında da yerləşdiriləcəkdir. Lakin bunun üçün əvvəlcə AES-in reaktorlarının yerləşdiyi binaların aşağı otaqlarına və drenaj sisteminə toplanmış yüksək radioaktiv maddəli suyun kənarlaşdırılması lazımdır.


Mayın 6-da Yaponiya Milli Polis İdarəsi xəbər vermişdir ki, martın 11-də ölkədə baş vermiş dağıdıcı zəlzələ və sunami nəticəsində həlak olanların sayı 14817 nəfərə çatmışdır. 10171 sakin itkin düşmüş hesab edilir, 5279 yaralı müalicə olunur. Həlak olanların təxminən 92 faizi Yaponiyanın şimal-şərq sahillərinin bəzi sahələrində hündürlüyü 39 metrə çatmış dalğaların qurbanıdır.


Yaponiya özünümüdafiə qüvvələrinin hərbi qulluqçularının və təxminən 130 min könüllünün iştirakı ilə təbii fəlakət qurbanlarının axtarışı üzrə əməliyyatlar davam edir. Qadağan zonasından köçürülmüş 125 min sakin hələ də müvəqqəti yaşayış məntəqələrindədir.


Yaponiya hökumətinin ilkin məlumatına görə, təbii fəlakət nəticəsində ölkəyə dəymiş maddi ziyan 25 trilyon iyeni (308 milyard dollar) ötə bilər. "Fukusima-1" AES-də baş vermiş qəza və radioaktiv maddələrin sızması nəticəsində Yaponiyaya vurulan ziyan isə bu məbləği daha 11 trilyon iyen (133 milyard dollar) artıracaqdır.


Dərd gələndə batmanla gəlir, çıxanda misqalla...

Tofiq Əliyev

O.M.