İngiltərədə 36 il sonra referendum keçiriləcək

İngiltərədə 36 il sonra referendum keçiriləcək

5 May 2011 15:38
Bəyəndim (0) Bəyənmədim (0)


Ən son 1975-ci ildə Avropa Birliyinə üzvlüyün davam etməsinə dair rəyi soruşulan ingilislər bu dəfə seçki sisteminin dəyişdirilməsi üçün səsverməyə gedirlər. Qeyd edək ki, İngiltərədə keçən il keçirilən seçkilər nəticəsində İkinci Dünya Müharibəsindən sonra ilk dəfə koalisiya formalaşmışdı. İndi isə koalisiyanın kiçik ortağı olan Liberal Demokrat Partiyasının irəli sürdüyü seçki sistemində dəyişiklik ümumxalq səsverməsinə çıxarılıb. Bir illik koalisiya daxilindəki fikir ayrılıqları səbəbi ilə bu referendum imtahan xarakteri daşıyır. Çünki koalisiyanın böyük ortağı olan Mühafizəkar Partiya seçki sisteminin dəyişməsinə qarşı çıxır. İngiltərədə mövcud seçki sistemi dar bölgə və çoxluq sisteminə əsaslanır. Yəni hər seçki dairəsində ən çox səs alan şəxs birbaşa millət vəkili seçilir.


Referenduma çıxarılan alternativ səsvermə sistemində isə seçicilərdən namizədləri sıralamaları istəniləcək və seçilə bilmək üçün bir namizədin 50 faizdən çox səs toplaması tələb ediləcək. Seçicilərin ilk seçimləri ilə yanaşı, digər seçimləri də nəzərə alınacaq. Mühafizəkar Partiyanın lideri olan baş nazir Devid Kemeron isə alternativ səsvermənin seçicilərin seçimini tam əks etdirmədiyini bildirir.


Avstraliya, Fici və Papua-Yeni Qvineyada tətbiq edilən və kiçik partiyalara üstünlük təmin etdiyi bildirilən alternativ səsvermə referendumunda nəticənin koalisiyanın böyük ortağının xeyrinə olması gözlənilir.


Əgər referendumda qoyulan məsələ müsbət həllini tapsa, deputatlar millət vəkili adına layıq ola bilərlər. İndi isə onları partiya vəkili adlandırmaq olar...

Elvin Babayev

O.M.