Fəhlənin meyitini torpaq uçqununun altından çıxartdılar

Fəhlənin meyitini torpaq uçqununun altından çıxartdılar

30 Aprel 2013 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Abşeron rayonu ərazisində ölümlə nəticələnən torpaq uçqunu baş verib. Bədbəxt hadisə Binəqədi-Mehdiabad avtomobil yolunda aparılan qazıntı işləri zamanı yaşanıb. Abşeron Rayon Polis Şöbəsinin hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, avtomobil yolunun bir tərəfindən digər tərəfinə su xəttinin çəkilişi nəzərdə tutulduğundan, ərazidə təxminən 45-50 kv.m sahədə torpaq sahəsi 3-4 metr dərinlikdə qazılıb.Bu vaxt ehtiyatsızlıq səbəbindən qazıntı sahəsində çalışan iki fəhlənin üstünə torpaq qatı dağılıb. Nəticədə fəhlələrdən biri, 54 yaşlı Dadaşov Əhməd Cənnət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Xəsarət alan digər fəhlənin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisənin baş verdiyi ünvana Abşeron rayon polis şöbəsinin və rayon prokurorluğunun nümayəndələri cəlb olunub. Mərhum Əhməd Dadaşovun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. İlkin ehtimala görə, hadisə fəhlələrin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib. Faktla bağlı araşdırmalar aparılır.

O.M.