Bakı sakinləri ön ödənişli su sayğaclarından istifadə edəcək

Bakı sakinləri ön ödənişli su sayğaclarından istifadə edəcək

26 Aprel 2013 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri davam etdirir.
Oxumeni.az "Azərsu" ASC mətbuat mərkəzinin məlumatına istinadən xəbər verir ki, 2013-cü ilin yanvar-mart aylarında 10 764-ü əhali və 2 232-i qeyri əhali qrupu abunəçiləri olmaqla ümumilikdə 12 996 smart-kart sayğacın quraşdırılması təmin edilib. Ümumiyyətlə 2012-ci ilin may ayından bu günədək 37 minə qədər ön ödənişli sayğac quraşdırılıb."Azərsu" ASC smart-kart sayğacların quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron sukanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlayıb və daha sonra regionlarda həyata keçirilib. Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba və Zərdab şəhərlərində 7 minə qədər smart-kart sayğac quraşdırılıb.
Yeni layihələrin icrası ilə əlaqədar yaxın vaxtlarda Göyçay, İmişli, Şamaxı, Oğuz, Zaqatala, Hacıqabul və digər şəhərlərin də abunəçiləri smart-kart sayğaclarla təmin olunacaqlar. 01 aprel 2013-cü il tarixə "Azərsu" ASC-nin ölkə üzrə xidmət göstərdiyi 1 milyon 155 min abunəçinin 553 mindən çoxu mexaniki və smart-kart sayğaclarla təmin olunub ki, bununla da sayğaclaşma səviyyəsi 48 faizi keçib.
Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.

O.M.