Gülər Əhmədovanın bacısı və 6 milyon...

Gülər Əhmədovanın bacısı və 6 milyon...

19 Aprel 2013 12:31
Bəyəndim (0) Bəyənmədim (0)
Gülnar Quliyeva şahid qismində dindirilib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan "Kamran B.Ə." MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, ittihama görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində "Kamran B.Ə." Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri Ələkbər Babayev müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və "İnşaat-E" MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyətin Yasamal rayonu ərazisində tikdiyi çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilən 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıb.
Bundan başqa "Kamran B.Ə." MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ə. Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Hakim Fikrət Qəribov bildirib ki, vəkillər məhkəməyə gəlmədiyi üçün prosesin keçirilməsi baş tutmur. İclasın təxirə salınmasına zərərçəkənlər etirazlarını bildiriblər. Hakim əlavə edib ki, cinayət işi üzrə zərərçəkənlərdən 94-nə dəyən ziyan ödənilməyib. Məhkəmə iclası aprelin 25-də davam etdiriləcək.
Qeyd edək ki, hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ilə təqsirləndirilən Ə.Babayevin biznes əlaqəsinin ortaya çıxması barədə qəzetimizə məlumat daxil olub. Məlumatda qeyd olunur ki, G.Əhmədovanın tikinti şirkətinin rəhbəri ilə biznes əlaqəsi olub. Tikinti şirkəti rəhbərinin cinayət işi üzrə G.Əhmədova və onun bacısı Gülnar Quliyeva da şahid qismində dindirilib. İri həcmli hər iki ifadəni ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.
G.Əhmədova bildirib ki, ailəvi tanış olduqları Ə. Babayev ona və bacısı G.Quliyevaya birgə işbirliyi qurmaq barədə təklif verib. Sabiq deputatın bildirdiyinə görə, bu təklifdən sonra onlar birgə "Tamerlan B.Ə." MMC-ni təsis ediblər.
G.Əhmədovanın ifadəsinə görə, Ə. Babayevin İtaliyadan kağız istehsalı üzrə avadanlıqlar gətirmək və birgə işbirliyi qurmaq planını bəyənib: "Ələkbər Babayevin təklifi ilə ilkin olaraq 80 min dolları nağd qaydada "Standartbank"ın vasitəsilə avadanlığı satan şirkətin hesabına ödədim. İtaliyadan avadanlıq gətirildikdən sonra onların quraşdırılması üçün gələn mütəxəssislərə və xammala xərcləmək üçün Ələkbər Babayevə 30 min dollar, əlavə olaraq təşkil etdikləri sabun və şirniyyat sexinin fəaliyyətini təşkil etməkdən ötrü ona yenə 30 min dollar vermişəm".
G.Əhmədova onu da əlavə edib ki, ümumilikdə Ə.Babayevə avadanlıqların alınması, gətirilməsi və quraşdırılması üçün 180 min pul verib. O, bildirib ki, birgə işbirliyində olmalarına baxmayaraq, məlumatı olmadan Ə. Babayev avadanlığı bankda girov olduğu halda satıb. Onun qeyd etdiyinə görə, Ə.Babayev əldə etdiyi pulu mənimsəyib və onun çəkdiyi xərcləri ödəməyib.
Quliyeva bildirib ki, hər biri ayda 50 faiz pay sahibi olmaqla təsis etdikləri "Tamerlan B.Ə" MMC-nin adına İtaliyadan gətirilən "TV 503 Omet" markalı salfet istehsalı makinasını "Azəriqazbank" ASC-yə girov qoyublar və 606550 manat kredit götürüblər. Onun sözlərinə görə, Ə. Babayev kredit üzrə əsas borcu və faiz borcunu ödəmədiyi halda "Kamran" MMC-nin direktoru Rüfət Nağıyev ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. G. Quliyeva qeyd edib ki, Ə. Babayev onun tərəfindən avadanlığın alınmasına çəkilən 180 min ABŞ dolları ödəməyib və həmin pulu mənimsəyib.
Qeyd edək ki, G.Əhmədovanın adı bir neçə cinayət işində keçir. Tikinti, dələduzluq, rüşvət və digər cinayətlərdə adı hallanan sabiq deputatın barəsində Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

O.M.