Dağlıq rayonlarda qar yağmaqda davam edəcək

Dağlıq rayonlarda qar yağmaqda davam edəcək

18 Aprel 2013 13:37
Bəyəndim (0) Bəyənmədim (0)
Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, aprelin 18-dən 19-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 19-da hava şəraitinin əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6, bəzi yerlərdə 8 dərəcəyədək isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi və rütübətli havanın üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Faktiki müşahidə olunmuş hava şəraiti
Əvvəlcədən xəbər verildiyi kimi aprelin 17-si gün ərzində, 18-i gecə və səhər ölkə ərazisində hava şəraiti təzadlı dəyişilmiş, əksər rayonlarda yağıntılı olmuş, dağlıq rayonlarda qar yağmışdır.
Yağıntı: ən çox düşən yağıntının miqdarı Lənkəranda 22 mm, Lerikdə 13 mm, Daşkəsəndə 11 mm, Astarada 10 mm, Qazıməmməd, Mərəzə, Xaçmazda 9 mm, Sabirabad, Biləsuvar, Cəfərxan, Göytəpədə 8 mm, Salyanda 7 mm, Gədəbəy, Qəbələ, İsmayıllı, Yardımlıda 6 mm, Şəki, Ağstafa, Tovuz, Naxçıvan, Rvarudda (Lerik) 5 mm, Göyçay, Ağdərədə (Ordubad) 4 mm, Quba, Zaqatala, Göygöl, Yevlax, Zərdab, Beyləqan, Kürdəmirdə 3 mm, Mingəçevir, Kişçay (Şəki), Ağsu, Şərur, Şahbuz, Gəncə, Şəmkir, Ceyrançöl, Oğuz, Şamaxıda 2.0 mm, Naftalan, Culfa, Bərdə, Sarıbaş (Qax) 1 mm, Tərtər, Xınalıqda 0.3-0.4 mm, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 2-13 mm təşkil etmişdir.
Ağstafa radioloji lokatorunun (MRL) məlumatına əsasən yağıntı olmuş, gecə saatlarından başlayaraq Göygöl rayonunda Hacıkənd və digər dağ kəndlərinə qar yağmış, dağlar qar örtüyünə bürünmüşdür. Aprelin 18-i səhər saatlarında qərb bölgələrində çiskinli, dumanlı hava müşühidə olunmuşdur.
Qar örtüyü: Qar örtüyünün hündürlüyü Altıağacda 5 sm, Daşkəsən, Gədəbəydə 2 sm, Hacıkənd, Naftalanda 1 sm təşkil etmişdir.
Temperatur: aprelin 17-də havanın orta sutkalıq temperaturu Bakıda iqlim normasından 3-4 dərəcə aşağı olmuş, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 8-11, aran rayonlarında 9-12, dağlıq rayonlarda 0-5, Naxçıvan MR-da 14-19 dərəcə isti təşkil etmişdir.

O.M.