Əhalimiz piylənir

Əhalimiz piylənir

16 Aprel 2013 12:14
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanda əhalinin 60 faizi artıq çəkidən əziyyət çəkir

"Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda ölüm və xəstələnmə hallarının başlıca səbəbi qeyri-infeksion xəstəliklərdir". Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxışında deyib.
O bildirib ki, nəticələrə əsasən qeyri-infeksion xəstəlik hallarının böyük əksəriyyətinin baş verməsi tütün çəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır: "Ölkədə tütün çəkmə 22,9%, gündəlik tütün çəkmənin yayılması isə 21,3% təşkil edir. Lakin bu yayılma kişilər arasında qadınlara nisbətən 100 dəfə yüksəkdir. Ətrafa yayılan tütün tüstüsünə kişilər daha çox ictimai yerlərdə (76,6%), qadınlar isə evdə (41,2%) məruz qalırlar. Hazırda spirtli içki içənlərin nisbəti kişilər arasında qadınlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Bu da müvafiq olaraq kişilərdə 26,9% qadınlarda isə 1,7% təşkil edir".
İSİM-in direktoru vurğulayıb ki, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir: "Azərbaycanda insanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur".

O.M.