Günəş fırtınasına hazır olaq?

Günəş fırtınasına hazır olaq?

13 Aprel 2013 12:17
Bəyəndim (0) Bəyənmədim (0)
Yer üçün təhlükəli olan güclü Günəş fırtınası gözlənilmir

Bu günlərdə Yer kürəsi üçün təhlükəli olan güclü Günəş fırtınası gözlənilmir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib.
O bildirib ki, Günəş ətrafında aparılan müşahidələr bunu deməyə əsas verir. Günəşin arasıkəsilmədən müşahidədə olduğunu deyən N. Cəlilov vurğulayıb ki, 2 süni peyk Günəşin ətrafında fırlanaraq müvafiq müşahidələr aparır. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən Günəşdəki aktivliyin səviyyəsinin güclü fırtınalara, yer kürəsi üçün təhlükə yaradacağını demək mümkün deyil və belə hal gözlənilmir: "Dünən Günəşdəki vəziyyətlə tanış olmuşam. Müşahidələrə əsasən, Günəşin səthində maqnit nəticələrinin sayı azdır. Deməli, Günəşin maqnit aktivliyi güclü deyil. Aktivliyin pik həddinin nə vaxt olacağını demək isə mümkün deyil. İndi yalnız onu demək olar ki, hazırkı müşahidələr Günəşdə Yer kürəsi üçün təhlükəli fırtına gözlənilmədiyini göstərir".
Qeyd edək ki, İngiltərənin Redinq şəhərindəki universitetin professoru Kris Debi BBC-nin canlı efirində bu gündən güclü Günəş fırtınasının gözlənildiyini deyib. Təbiət hadisəsi elektrik avadanlıqlarının işinə və insanların əhvalına mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, fırtınanın ən güclü vaxtı şənbə günü axşam saatlarına təsadüf edəcək. Planetdə günəş küləyi daha çox şənbə günü gecə yarısından bazar günü saat 03:00-dək hiss olunacaq.

O.M.