VİDEO: Zorlanan və hamilə olan azyaşlı qız məktəbdən qovuldu

VİDEO: Zorlanan və hamilə olan azyaşlı qız məktəbdən qovuldu

10 Aprel 2013 09:44
3 154
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl Zərdabda məktəbli qızın cinsi zorakılığa məruz qalması haqda xəbər vermişdik. Mövzuya yenidən qayıtmağımıza səbəb var. Zorakılığa məruz qalmış qıza normal həyata qayıtması üçün kömək əvəzinə, indi o, təhsil almaq hüququndan da məhrum olunub. Bu qərarı məktəb və rayonun təhsil şöbəsi verib.
Zərdabda zorlanan azyaşlı Əminənin hamilə olduğu ortaya çıxdıqdan sonra məktəbdən uzaqlaşdırılıb. Əminənin başına gətirilən bu hadisə isə onun 2 bacısının məktəbə buraxılmaması ilə nəticələnib. Qeyd edək ki, bu azyaşlı qız başına gətirilən bu hadisəni sirr olaraq saxlayanadək, zahirən normal həyat yaşayıb. Digər yaşıdları kimi, məktəbə gedib, rəfiqələri ilə ünsiyyət qurub, kənddə, ailədə normal insan kimi həyatını sürüb. Birinci halda Əminənin ismətinə təcavüz edilmişdisə, ikinci dəfə bu zərəri məhz təhsil müəssisəsi ictimai qınağa tuş gələcəyini bəhanə edərək çıxardığı qərarla onun düşüncələrinə, arzularına, gələcəyinə zərbə vurmuş oldu.
Zərdab rayon təhsil şöbəsinin müdiri Baba Babayev: "Mən məruzə elədim bizim koordinatora. Mənə göstəriş verdilər ki, qızın bundan sonra o məktəbdə oxuması düzgün deyil. Uşağın özü də, valideynlər də israrlı oldular ki, məktəbdən getsin". Əminənin yenidən cəmiyyətə reabilitasiya olunması üçün hazırda o Bakıdakı uşaq sığınacaqlarından birinə yerləşdirilib. Sığınacağın direktoru Kəmalə Ağazadənin sözlərinə görə, həmin məktəbin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə müraciət ediləcək.
Uşaq psixoloqları isə hesab edirlər ki, məktəbin bu addımı zorakılıqdır və heç bir hüquqi əsası yoxdur. Qeyd edək ki, bu gün Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə qızlar müxtəlif səbəblərdən təhsildən uzaqlaşdırılır. Çıxarılan bu yalnış qərarlarla isə azyaşlı qızlar orta təhsil alma hüququndan məhrum olur və bunula da, onların gələcəyinə ağır zərbə vurulur. Statistikaya görə, insan alveri qurbanların 1/5-i azyaşlı qızlardır və onların əksəriyyəti isə təhsilsizdir.

O.M.