Polisdən “plyonka” xəbərdarlığı

Polisdən “plyonka” xəbərdarlığı

8 Aprel 2013 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Yol Polis İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bir daha bildirib ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təyin etdiyi normaya, eləcə də "Yol hərəkəti haqqında" Qanuna edilən 1 saylı Əlavənin tələbinə əsasən idarə olunan nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Bu barədə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Bölmə rəsinin sözlərinə görə, yalnız avtomobilin küləyə qarşı olmayan, əhali arasında arxa "alın şüşəsi" kimi tanınan şüşəyə tündləşdirilməsi məhdudiyyət qoyulmayan plyonka və yaxud jalüzlərin quraşdırılmasına icazə verilir. Əsədov qeyd edib ki, avtomobillərdə güzgülü, "buqələmun (xameleon) şüşə" kimi tanınan şüşələrin istismarı da qadağandır. Jeep tipli avtmobillərin əhali arasında "yük yeri" kimi tanınan şüşələri də digər yan şüşələr kateqoriyasına aid olduğundan onlar sənaye üsulu ilə 40 faizədək tündləşdirildiyi halda avtmobilin idarə edilməsinə icazə verilir. "Birmənalı olaraq, avtomobilin yan şüşələri, yəni sağ, sol, qabaq və arxa qapı şüşələri, eyni zamanda küləyə qarşı olan qabaq alın şüşənin plyonka və digər vasitələrlə tündləşdirilməsinə icazə verilmir", - Əsədov bildirib. Bundan başqa, yol polisi bəyan edir ki, avtomobilin istehsalçı zavodun müəyyən etdiyi və ya sürücülərin əsasən arxa qapılara quraşdırdığı hər hansı mexanizmli "ştorka" kimi tanınan pərdələrlə idarə edilməsi də qanunun tələbinin pozulması kimi qiymətləndirilir.

Qeyd edək ki, artıq Milli Məclis bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 155.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimənin məbləğinin 50 manatdan 150 manata qaldırılması barədə qanun qəbul edilib. Qanunun bu yaxınlarda ölkə Prezidentinin imzalamasından sonra qüvvəyə minməsi gözlənilir.

O.M.