Ermənistan sərhəddində itkin düşən sakin meşəyə pəncər yığmağa gedibmiş

Ermənistan sərhəddində itkin düşən sakin meşəyə pəncər yığmağa gedibmiş

5 Aprel 2013 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 2-dən Qazax rayonunun Ermənistanla sərhədində itkin düşən 47 yaşlı Xanlıqlar kənd sakini Sabir Kərimov meşəyə pencər yığmağa gedibmiş. Bunu açıqlamasında S. Kərimovun bibisi oğlu Mətləb Mustafayev deyib. Onun sözlərinə görə, S. Kərimov aprelin 2-də saat 9-da evdən çıxıb: "Xanlıqlar kəndi ilə Ermənistanın Lələ kəndi sərhəddir. Meşə də bu sərhəddə yerləşir. Evdən çıxandan 15 dəqiqə sonra onun telefonuna artıq zəng çatmayıb. Biz güman edirik ki, onu ermənilər öldürüb və ya tutub, ya da minaya düşüb". M. Mustafayev deyib ki, baş verən hadisə ilə bağlı bütün dövlət qurumlarına və BQXK-ya müraciət olunub: "S. Kərimov keçmiş döyüşçü olub. Ailəsini kasıbçılıqla saxlayırdı. İş yeri olmadığından iki uşağını dolandırmaq üçün meşədən pencər yığıb satırdı. Həyat yoldaşı da işləmir. Ailəsi, uşaqları və qohumları baş verən hadisədən çox narahatdırlar".
Qeyd edək ki, BQXK-nın Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, artıq bu faktla bağlı Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən BQXK-ya müraciət edilib. BQXK-nın Azərbaycan nümayəndəliyi də Ermənistanın hakimiyyət orqanları ilə bu məsələni araşdırmaq üçün qurumun Ermənistan nümayəndəliyinə müraciət edib.

O.M.