Avtomobil yollarında heç kəsə güzəşt olunmayacaq

Avtomobil yollarında heç kəsə güzəşt olunmayacaq

4 May 2011 16:49
Bəyəndim (0) Bəyənmədim (0)


Nəqliyyat Nazirliyində avtomobillərlə yükdaşımaların tənzimlənməsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə baş nazirin müavini Abid Şərifov, daxili işlər nazirinin müavini Oruc Zalov, nəqliyyat naziri Ziya Məmmədov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov iştirak ediblər.

Baş nazirin müavini A.Şərifov çıxışı zamanı normadan artıq yük daşıyan avtomobillərin sahiblərinə və yük sahiblərinə qəti xəbərdarlıq edib: "Həddən artıq yüklənmə yolların tez sıradan çıxmasına səbəb olur. Xüsusən qum, daş, çınqıl daşıyanlar avtomobillərə normadan artıq yük vurulmamalıdır. Bundan sonra heç kəsə güzəşt olunmayacaq. Biz bilirik ki, bəzi karxanaların arxasında ictimai təsir imkanları olan adamlar dayanır. Lakin onlara, vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar".


Nəqliyyat naziri Z.Məmmədov bildirib ki, nazirlik iri yük maşınlarının yalnız gecələr yola çıxması üçün gecə karvanlarının formalaşdırılmasına başlayıb. Nazir daş karxanalarının sahiblərinə müraciət edərək, onları qaydalara əməl etməyə çağırıb. O, yolların qorunması işinə ictimai və mətbu dəstəyin olmamağından şikayətlənib: "Biz bu məsələyə nəzarəti gücləndirən kimi qəzetlər yazır ki, Ziya Məmmədovun qoçuları camaatı incidir. Halbuki mətbuat da bu işdə bizə dəstək verməlidir".


Daha sonra tədbir iştirakçıları yollarda keçirilən reydlər zamanı çəkilən videolentə baxıb. Məsələ ilə bağlı fikirlərini açıqlayan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi R.Zeynalov yolları qorumaq üçün cərimələrin artırılmasının tərəfdarı olduğunu vurğulayıb: "Gəlin açıq danışaq - baxdığımız videolentdəki maşınların bir hissəsi elə bu zalda oturanlara məxsusdur. Amma heç kimə güzəşt olunmayacaq".


Adamın lap inanmağı gəlir...

Tofiq Əliyev

O.M.