Ceyhun Qubadovun ölümü ilə bağlı yeni açıqlama

Ceyhun Qubadovun ölümü ilə bağlı yeni açıqlama

2 Aprel 2013 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi Prokurorluq yanvarın 7-də dünyasını dəyişmiş Ceyhun Qubadovun ölümünün araşdırılması ilə bağlı altı jurnalist və vətəndaş cəmiyyəti fəallarının sorğusuna cavab verib. Əsgərin üzərində zorakılıq əlamətləri olan cəsədinin fotosu sosial şəbəkələrdə yayımlandıqdan sonra ictimaiyyət onun ürək çatışmazlığından vəfat etməsi ilə bağlı rəsmi versiyadan hiddətlənib. Yanvarın 12-də Bakıda orduda döyüşdənkənar itkilərə etiraz olaraq kütləvi aksiya keçirilib.
Prokurorluğun jurnalistlərin sorğusuna cavabında deyilir ki, yanvarın 7-də Gəncə Hərbi Prokurorluğu C.Qubadovun xidmət keçdiyi qoşun hissəsində vəzifəli şəxslərin barəsində CM-in 342.2 maddəsi (xidmətə səhlənkar yanaşma) cinayət işi qaldırıb. Yanvarın 11-də iş Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilib. İstintaq qrupu ölümün səbəblərini və başvermə şəraitini araşdırıb, günahkar şəxsləri və digər durumları müəyyən edib, onların cinayət məsuliyyətinə cəlb olunmasını və müvafiq həbs qətimkan tədbirinin seçilməsini təmin edib. İnformasiya əldə olunması haqqında qanunun 34-cü maddəsinə istinadən prokurorluq istintaq sirrini açıqlaya bilməz və C.Qubadovun ölümünün səbəbləri və başvermə şəraiti, həmçinin cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər haqqında informasiya verməyi məqsədyönlü saymır. Sonra prokurorluq bildirir ki, ölümün səbəbləri və başvermə şəraiti ümumiləşdirilir, təhlil edilir, Müdafiə Nazirliyi və digər güc qurumları ilə müzakirə olunur, hərbi hissələrdə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Cavabı kriminalistika şöbəsinin müdiri, Hərbi Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəis müavini Emil Tağıyev imzalayıb. İnformasiya sorğusunu hüquq müdafiəçiləri Rəsul Cəfərov, Samir Kazımlı, jurnalistlər Mehman Əliyev, Natiq Cavadlı, Nicat Səmədoğlu, Seymur Kazımov göndərib. Analoji sorğu Müdafiə Nazirliyinə də göndərilib, lakin nazirlik cavab vermir./musavat.com/

O.M.