Krımda yeraltı ehramlar aşkarlanıb

Krımda yeraltı ehramlar aşkarlanıb

4 May 2011 15:25
Bəyəndim (0) Bəyənmədim (0)


Krım yarımadasında yeraltı su mənbələrinin kəşfiyyatını aparan bir qrup alim yeraltı ehram aşkar edib. Daha sonra Sevastopoldan Sarıç burnunadək olan ərazidə, Krımın cənub sahili boyunda dördbucaqlı daha altı ehram aşkar edilib.


Şimal-Qərbə doğru istiqamətlənmiş ehramlar bir düz xətt boyu inşa edilib. Alimlər bu ehramların yaşını dəqiqləşdiriblər. Böyük ehtimalla onların yaşı 7-10 min il həndəvərindədir. Ehramların hündürlüyü 45 metr, bünövrələrinin uzunluğu 72 metrdir. Bünövrənin uzunluğunun hündürlüyünə olan nisbəti Yer kürəsində aşkar edilmiş ehramların əksəriyyəti üçün səciyyəvidir.


Pilləli tikili olan ehramlar həm üfüqi, həm də şaquli xətlər üzrə bir-birinə yaxşı uyğunlaşdırılmış əhəngdaşı bloklarından inşa edilib. Ehramların təpə hissəsi yer səthindən bir neçə metr hündürdədir. Tikililər onların konturlarını təkrarlayan mağaralara yerləşdirilib.


Məlum olub ki, ehram konstruksiyasını dağılmaqdan güclü maqnit sahəsi qoruyur. Alimlər ehramın içinə daxil olmaq üçün divarı sökməyə başlayanda şüalanma o dərəcədə güclənib ki, yuxarıda cihazlar sıradan çıxmış, fotoaparatların plyonkaları yanmış, şurfda fənərlərin batareyaları bir göz qırpımında "boşalmışdır".


Daha dəqiq araşdırmalar sayəsində Krım yarımadasında daha bir neçə ehram aşkar edilib. Hazırda qədim tikililərin sayı 48-ə çatır.


Dünya sirlərlə doludur. Onların bəziləri açılmamış qalacaq...

Elvin Babayev

O.M.