Kür çayında çirklənmə normanı keçib

Kür çayında çirklənmə normanı keçib

4 May 2011 10:39
Bəyəndim (0) Bəyənmədim (0)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə aprelin üçüncü ongünlüyü üçün növbəti monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Kür çayında su sərfi aprelin ikinci ongünlüyünə nisbətən artaraq saniyədə 837 kubmetr təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət və sənaye tullantılarının təsiri nəticəsində çayda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Kürün Şıxlı-2, Ağstafaçay, eləcə də Araz çayının Horadiz, Birinci Şahsevən, Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri yol verilən qatılıq həddini keçmişdir.

Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.