Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Fransa hadisələri ilə bağlı etiraz bəyanatı yaydı

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Fransa hadisələri ilə bağlı etiraz bəyanatı yaydı

28 Fevral 2013 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Milli Assambleyasında azərbaycanlı gənclərin vəhşicəsinə döyülməsi ilə bağlı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: "Fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov ermənipərəst fransız deputat Fransua Roşeblonun iştirakı və təhriki ilə azğınlaşmış erməni diasporu üzvləri tərəfindən vəhşicəsinə döyülmüşdür. Bu rəzalət verici hadisə söz, fikir, düşüncə və hərəkət sərbəstliyinin kobud şəkildə pozulması, fiziki təzyiq və təhqirdir. Bu biabırçı olay Avropada insan hüquq və azadlıqlarının pionerlərindən sayılan Fransanın bu adı və missiyanı daşımağa layiq olmadığını göstərir. Fransa ali qanunverici orqanı təmsilçisinin bu rüsvayçı, xəcalət gətirən hadisədə qızışdırıcı mövqedən çıxış etməsi isə sivil dəyərlərin carçısı olan bu Avropa ölkəsində demokratiyanı, bitərəfliyi və obyektivliyi şübhə altına alır. Bu hadisə Fransanın artıq illərdən bəri bir toplum erməni diasporunun əsarətindən qurtula bilmədiyini göstərməklə yanaşı, öz dövlət maraqlarını da məhz erməni diasporunun diktəsi ilə həyata keçirdiyini göstərir.

Dünya siyasətində daima öz mövqeyi ilə seçilən Fransada bu vandal olayın baş verməsi bir daha bu "nəhəng" söz sahibinin öz prinsiplərindən uzaqda durduğunu və milli ayrı-seçkiliyə, faşist düşüncə tərzinə meydan verdiyini göstərir. Dəfələrlə Türk və İslam dünyasının hiddətinə səbəb olan addımlara rəvac verən Fransa bu hadisə ilə bir daha öz qeyri-ədalətli və qeyri-demokratik "imicini" ortaya qoydu.

ADTGT bu barbar hərəkəti bir daha pisləyərək, Fransa hakimiyyətindən rəsmi olaraq bu hadisəyə dair açıqlama verməsini və cinayətkarların hüquqi müstəvidə cəzalandırılmasını tələb edir.

Asif Əsgərli

Demokratik Tələbə Gənclər

Təşkilatının Sədri

O.M.