Azərbaycan-Ermənistan cəbhə xəttində 20 il sonra ilk azan səslənib

Azərbaycan-Ermənistan cəbhə xəttində 20 il sonra ilk azan səslənib

22 Fevral 2013 12:37
Bəyəndim (0) Bəyənmədim (0)
“Qarabağa doğru - Haqqın və haqqımızın səsi” kampaniyası çərçivəsində azan səsi bərpa edilib və ilk azan verilib

Bu gün Azərbaycanın Ermənistanla cəbhə xəttində, Ağdamın Çəmənli kəndində "Qarabağa doğru - Haqqın və haqqımızın səsi" kampaniyası çərçivəsində azan səsi bərpa edilib və ilk azan verilib. Məlumata görə, 20 il sonra cəbhə xəttində ilk azan düşmənlə təmas xəttində yerləşən cəbhə xəttindəki "Cümşüd" məscidində səslənib.
Azandan sonra cümə namazı qılınıb. Namazda təmas xəttində yaşayan yerli dindarlarla yanaşı, ölkənin müxtəlif bölgəsindən gəlmiş dindarlar da iştirak ediblər. Mərasimə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, cəbhəyanı rayonlarının icra başçıları və ictimaiyyət nümayəndələri qatılıblar. Tədbirlə əlaqədar ərazidə yüksək təhlükəsizlik tədbirləri görülüb, cəbhə xəttində hələlik insident baş verməyib.
Qeyd edək ki, cəbhə boyu azanların bərpası digər məscidlərdə də baş tutacaq. "Qarabağa doğru - Haqqın və haqqımızın səsi" kampaniyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin ilə birlikdə təşkilatçılığı ilə həyata keçirilir.

O.M.