“Elşad Abdullayev özü cinayətkar ola-ola, məni şantaj edir”

“Elşad Abdullayev özü cinayətkar ola-ola, məni şantaj edir”

21 Fevral 2013 12:29
Bəyəndim (0) Bəyənmədim (0)
Rasim İldırımzadə: "Video montajdır"

Rasim İldırımzadə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ötən gün yaydığı videoya münasibət bildirib.

Bu barədə açıqlama verən R. İldırımzadə qeyd edib ki, E. Abdullayevin yaydığı video şantajdır: "Bilirsiniz ki, bu adam çoxdandır, bir sıra videolar yayır, tək mənim deyil, bir sıra adamların adlarını hallandırır. Hamıya məlumdur ki, o adam özü cinayətkardır. Mən bir daha deyirəm ki, bu iddiaları qəbul etmirəm və həmin videolar şantajdır. Birincisi, ona görə, ki, Elşad Abdullayevin o çəkilişləri aparması özü qanunsuzdur. Bundan başqa, onun özünün barəsində cinayət işi var. Nə qədər insanın pulunu yeyib və diplomsuz qoyub. Əgər sübutu varsa, gəlsin, bütün bu məsələlərə cavab versin. Cənab baş prokuror Zakir Qaralov da bir müddət əvvəl açıqlama verib ki, o, cinayətkardır və gəlib hüquqi qaydada cavab verməlidir. Elşad Abdullayev nəinki özünü, bütün Azərbaycanı dünyada biabır edib. Bir daha deyirəm ki, gizli çəkiliş aparıb, gəlsin, arxasında dursun. Yəqin ki, onu ekstradisiya edəcəklər, gəlib qanun qarşısında cavab verəcək".

Qeyd edək ki, E. Abdullayevin dünən qardaşının oğurlanmasına dair daha bir video yayıb. Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.
R. İldırımzadə M. Abdullayevin Azərbaycanın qonşuluğundakı ölkələrdən birində olduğunu, sərbəst həyat tərzi sürdüyünü, bir neçə il ölkəyə gəlməsinin, yaxınları ilə əlaqə saxlamasının mümkünsüzlüyünü deyir. O bildirir ki, M. Abdullayevlə bağlı hadisə kriminal olay deyil, o oğurlanmayıb. Sadəcə, M. Abdullayev özü bir neçə il üzə çıxmaq, ölkəyə gəlmək istəmir və bununla bağlı özünün səbəbləri var. Amma E. Abdullayevin israrlarına baxmayaraq, R. İldırımzadə bu informasiyaları haradan əldə etdiyini, M. Abdullayevin harada olması, niyə ailəsi ilə əlaqə saxlamamasının səbəbi barədə məlumat vermir. O, bu sualların hamısına "özü gəlib sənə ətraflı danışacaq, sonra istəsən onu xaricə göndərərsən" deyə, cavab verir.
O, M. Abdullayevi ayın sonuna qədər (2004-cü il noyabr ayının sonu nəzərdə tutulur-red.) geri qaytaracağını deyib, E. Abdullayevdən israrla qardaşını ondan istəməsini xahiş edir. R. İldırımzadə həm də dəfələrlə E. Abdullayevdən "son məqamda onu pərt vəziyyətdə qoymamağı" da xahiş edir.

O.M.