Valideynlərə şad xəbər!

Valideynlərə şad xəbər!

21 Fevral 2013 11:24
637
Dünyaya uşaq gətirən valideynlərə sosial durumundan asılı olamayaraq birdəfəlik müavinətin həcmi artırıla bilər

Azərbaycanda dünyaya uşaq gətirən valideynlərə sosial durumundan asılı olamayaraq birdəfəlik müavinətin həcmi artırıla bilər. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. "Azərbaycanda əhalinin təbii artımı üzrə həvəsləndirmə sisteminin olmamasına baxmayaraq biz dünyaya uşaq gətirən ailələrə verilən birdəfəlik sosial müavinətin artırılmasını istəyirik", - Rəcəbli deyib. O qeyd edib ki, müavinət verilərkən ailənin sosial durumu nəzərə alınmamalıdır. "Əks halda yenə məsələnin həlli məmurun üzərində qalacaq, hansı ailənin kasıb, hansı ailənin varlı olmasını məhz onlar müəyyənləşdirəcək. Bu səbəbdən müavinət alanları ayırmaq olmaz", - deputat deyib.

Eyni zamanda Rəcəbli deyib ki, Azərbaycanda bu gün çoxuşaqlılığın həvəsləndirilməsi məqsədi qoyulmayıb. "Azərbaycanda bu gün çoxuşaqlılığın həddi artıb. Əvvəl 4 uşaq çoxuşaqlı hesab olunurdusa, artıq 5 uşaqlılar bu kateqoriyaya aiddir. Azərbaycanda çoxuşaqlılığı həvəsləndirmə tendensiyası yoxdur", - o deyib.

Rəcəbli qeyd edib ki, Azərbaycanda təbii artım təxminən bir rayonun əhalisi boyda - 125 min nəfərdir.

"Lakin bütün hallarda dünyaya uşaq gətirən şəxs dövlətdən hədiyyə almalıdır. ABŞ-da, Rusiyada analıq kapitalı var - qadın hamilə olanda ona pul verirlər", - o deyib.
Qeyd edək ki, Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinət 82,50 manat məbləğində müəyyən olunub. Bu müavinət də işəgötürən tərəfindən sənədlər qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondunun orqanına təqdim edildikdən sonra verilir. İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu DSMF orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzi vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

O.M.