Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 9 il ötür

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 9 il ötür

20 Fevral 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 20-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 9-cu ili tamam olur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, nazirlik Prezident İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlib. Dövlət başçısı İlham Əliyev bu istiqaməti prioritet elan etməklə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir. Azərbaycan hökumətinin, xüsusilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti nəticəsində son illər ərzində respublikanın İKT sektoru yüksək templə inkişaf edir. Bunun bariz nümunəsi kimi bu müddət ərzində informasiya texnologiyaları sektorunda həyata keçirilən nəzərəçarpacaq işlər, İKT sektorunda qəbul edilən Dövlət Proqramları, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin buraxılması, ötən dövrdə reallaşan irimiqyaslı layihələr çərçivəsində məhsul və xidmət istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasını qeyd etmək olar. Nazirliyin yaradılması Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı və tətbiqinə təkan verib. Sektorun daha sürətli inkişafı və vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində qabaqcıl texnologiyaların tətbiq edilməsi məqsədilə 2013-cü il dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib.
Xatırladaq ki, Azərbaycanda rabitə sahəsində ilk nazirlik 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təşəkkülündən sonra yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf Nazirliyi adlanıb.

O.M.