"Nestle" məhsullarında at əti tapıldı

"Nestle" məhsullarında at əti tapıldı

19 Fevral 2013 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən böyük ərzaq istehsalıçsı "Nestle" (İsveçrə) korporasiyasının satışa çıxardığı məhsulların bir qismində at əti tapılıb. Bununla bağlı olaraq şirkət həmin məhsulları satışdan yığışdırıb. Oxumeni.az CNN-ə istinadən bildirir ki, İtaliya və İspaniyadakı supermarketlərdə "Nestle" istehsalı olan mal ətli əriştə yığışdırılıb. Əriştənin tərkibində mal əti əvəzinə at əti vardı. Aparılmış laboratoriya sınaqları və testləri "Buitoni Beef Ravioli" və "Beef Tortellini" əriştələrinin tərkibində at ətinin olduğunu təsdiqləyib. "Nestle" korporasiyası ötən həftə rəsmi bəyanat yayaraq Avropa ölkələrindəki at əti qalmaqalı ilə bağlı heç bir əlaqəsi olmadığını bəyan etmişdi.
Qalmaqal bu ilin yanvarında İrlandiyada Silvercrest Foods şirkətinin istehsalı olan hamburgerlər, İspaniyada isə AhorraMas şirkətinin burgerlərində at ətinin aşkarlanmasından sonra başlanmışdı. Ötən həftə isə Almaniya və Fransadakı supermarketlərdə satışa çıxarılmış bir sıra yarımfabrikatlarda at əti üzə çıxarılmışdı.
Vəziyyəti ağırlaşdıran məqam isə odur ki, dükanlarda mal əti kimi satılan at əti fenilbutazon adlı dərman preparatı ilə müalicə olunmuş atların kəsilməsi nəticəsində alınıb. Fenilbutazon isə kanserogen olduğundan insan orqanizmi üçün çox təhlükəlidir. Avropa Birliyi ekspertləri Brüsseldə təcili toplantı keçirərək AB ölkələrində satılan bütün ət və ət məhsullarının DNT testlərinin keçirilməsi barədə qərar qəbul ediblər.

O.M.