Azərbaycanın ilk telekommunikasiya peyki orbital mövqeyinə çatıb

Azərbaycanın ilk telekommunikasiya peyki orbital mövqeyinə çatıb

19 Fevral 2013 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1" təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatıb. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə verdiyi məlumata görə, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Fevralın 19-dan mart ayının əvvəlinədək peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq "Azərkosmos" ASC-yə təhvil veriləcək. Peykin idarəsi "Azərkosmos" ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən "Azərkosmos"un mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir. Xatırladaq ki, ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən istehsal olunan "Azerspace-1" peyki "Ariane-5" kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.
Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın "Measat" peyk operatoruna icarəyə verilib. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

O.M.