Azərbaycanda saxta diplomların verilməsinin qarşısını almaq üçün yeni sistem yaradılıb

Azərbaycanda saxta diplomların verilməsinin qarşısını almaq üçün yeni sistem yaradılıb

13 Fevral 2013 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda ali məktəbləri bitirən məzunlara saxta diplomların verilməsinin qarşısını almaq üçün Təhsil Nazirliyi tərəfindən yeni sistem yaradılıb. Bu barədə Təhsil Nazirliyinin xüsusi şöbəsinin müdiri Leyla İmaməliyeva məlumat verib. O, bildirib ki, əvvəllər diplomlar hazır olduqdan sonra ali məktəblər tərəfindən götürülərək tələbələrə təhvil verilirdi. Şöbə müdirinin sözlərinə görə, artıq ötən ildən başlayaraq tələbələrə veriləcək diplomların nömrələri Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) şöbəsindəki banka yerləşdirildikdən sonra məzunlara təqdim olunur: "İlk öncə, hər bir tələbənin diplom nömrəsi Təhsil Nazirliyi tərəfindən müəyyənləşir, TİMS şöbəsində məlumat bankında yerləşdirilir, ondan sonra ali məktəb tərəfindən aparılaraq məzunlara verilir. Bu sistem ali məktəblərdə saxta diplom faktının qarşısını almağa xidmət edir. Bir ildir ki, istifadə edilən bu sistem müəyyən məsələləri müəyyənləşdirir. Bu sistem Təhsil Nazirliyinin Xüsusi şöbəsi ilə TİMS şöbəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Belə ki, konkret olaraq hansı məzunun hansı diplomu alacağı əvvəldən müəyyənləşdirilir və məlumatların hamısı məlumat bankında yerləşdirildikdən sonra məzunlara təhvil verilir".

O.M.