Maşınların plyonkaları sökülür!

Maşınların plyonkaları sökülür!

13 Fevral 2013 11:41
797
Prezident:“Mən prezidentəm, amma maşınımda plyonka yoxdur”

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı vəzifəli şəxslərin plyonkadan istifadəsinə də toxunaraq onları sərt tənqid edib. Prezident bir neçə il bundan əvvəl sözügedən məsələ ilə bağlı göstəriş verdiyini xatırladaraq bildirib: "Mən özüm prezidentəm, amma mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Ya qorxurlar ki, kim isə onları görəcək? İndi camaat onları görsə nə olacaq onlara, əriyəcəklər?"

Artıq bu gündən etibarən yol polisləri maşınlardan plyonkaları sökməyə start veriblər. Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, hazırda bununla bağlı tədbirlər davam edir: "Biz bir daha sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, nəqliyyat vasitələrində qanunla qadağan olunmuş hər hansı bir örtüklər, plyonkalar vurmasınlar. Bu cür nəqliyyat vasitələrini idarə edən sürücülər sözsüz ki, məsuliyyətdən kənarda qalmayacaqlar".

K. Əliyev onu da əlavə edib ki, Bakı şəhərində eləcə də respublikanın bütün ərazisində plyonkalarla təsis olunmuş nəqliyyat vasitələrinə qarşı reydlər həmişə aparılır.

O.M.