SOCAR üçün sahəsi 100 min kvadrat metrdən artıq olan bina tikilir

SOCAR üçün sahəsi 100 min kvadrat metrdən artıq olan bina tikilir

12 Fevral 2013 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində təməli qoyulan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının tikintisi sürətlə davam etdirilir. Xəbərə görə, ərazidə işlər sürətlə davam etdirilir və binanın bir hissəsi artıq tikilib. Yeni tikilinin skeletini kənardan müşahidə etmək də mümkündür. SOCAR-ın yeni binası Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası əsasında inşa olunur. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin"TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirəcək. Layihə ilkin olaraq 235,4 milyon ABŞ dolları məbləğində dəyərləndirilir. Paytaxtda öz modern tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcək. 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.
Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. İkinci mərtəbə fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələr şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kvadrat metr, zirzəminin sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır.

O.M.