Qəbul imtahanlarında yenilik

Qəbul imtahanlarında yenilik

11 Fevral 2013 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ali məktəblərə qəbul imtahanlarının ayrı-ayrı vaxtlarda keçirilməsi nəzərdə tutulur. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. "Biz də istəyərdik ki, builki və əvvəlki illərin məzunlarının imtahanları müxtəlfi vaxtlarda keçirilsin. Tədiricən də buna gedəcəyik. Əvvəlki illərin məzunlarının imtahanını yazda keçirək, sonra buraxılış imtahanları və daha sonra bu ilin məzunlarının qəbul imtahanları olsun", - Abbaszadə deyib.
Onun sözlərinə görə, ancaq bununla əlaqədar çox ciddi araşdırmalar aparılmalıdır. Eyni zamanda test suallarının kalibrləşdirilməsi aparılmalıdır ki, müxtəlif testlərdən istifadə edən zaman məzunların qabiliyyətini və biliyini müqayisə etmək mümkün olsun. Komissiya sədri deyib ki, bunun üçün qiymətləndirilmədə statistik ballar modelinə keçilməlidir. Bu statistik modelə keçmək isə mərhələli şəkildə olmalıdır. Abbaszadə bildirib ki, bu statistik model əvvəlcə buraxılış imtahanında tətbiq edib məzunlara öyrədilməlidir. Ondan sonra isə bu model qəbul imtahanlarında tətbiq edilə bilər.
"Seçmənin statistik göstəriciləri əsasında hər insanın o seçmədə yeri müəyyənləşir. Seçmənin ümumi nəticəsi də hər bir fərdin nəticəsinə təsir göstərir. Seçmə daha güclüdürsə, sizin həmin nəticəniz orta nəticə ola bilər. Seçmə zəifdirsə, sizin nəticəsiniz yüksək yer tuta bilər", - Abbaszadə deyib. O əlavə edib ki, bu modelə keçmə insanlarda bəzi suallar da yarada biləcək. Bunun üçün insanların da ona hazır olması lazımdır. "Misal üçün, aprel ayında 100 sualdan 50-nə düzgün cavab verən adamla may ayında həmin imtahanı verən 100 sualdan 40-na düzgün cavab verən adamın balları bir şkalaya gətirilir. Və müəyyən olunur ki, onlar eyni səviyyədə statistik qiymət alırlar. Onda apreldə imtahan verən adam deyə bilər ki, axı mən 50 suala düzgün vermişəm, bu - qırx suala. Biz niyə biz eyni səviyyədə statistik qiymət almışıq? Çünki bu sualların çətinliyi həmin statistik modelə görə belə uyğunlaşıb. Bax, buna uşaqlar hələ öyrəşməyiblər. Buna görə də biz bunu gərək addım-addım tətbiq edək ki, valideynlər sonra bu sualları bizə verməsinlər", - TQDK sədri deyib.

O.M.