Eldarla Nigar mətbuat qarşısında çıxış edib

Eldarla Nigar mətbuat qarşısında çıxış edib

3 May 2011 11:50
Bəyəndim (0) Bəyənmədim (0)



Eurovision 2011" Mahnı Müsabiqəsinin Azərbaycan təmsilçiləri Eldar və Nigar cütlüyü mayın 1-dən yarışmaya ev sahibliyi edən Düsseldorfdadır. Bir neçə ay ərzində vokal, rəqs, performans üzrə gərgin çalışan təmsilçilərimiz mayın 2-də ilk dəfə böyük səhnədə məşq ediblər.


Maraqlı quruluş və xüsusi işıq effektləri ilə yadda qalan ifa nəinki Azərbaycan nümayəndə heyətinin, eyni zamanda zalda əyləsən digər media və televiziya mənsublarının da alqışlarını qazanıb. Ən maraqlı işıq effekti isə mahnının sonuna yaxın səhnəyə axan işıq şəlaləsi olub. Digər işıqların şüası altında inanılmaz gözəllik və füsunkar görüntü yaradan "şəlalə" "Running scared" mahnısının romantik təsirini on qat artırıb.


Məşqdən sonra mətbuat konfransı keçirilib. Həm alman, həm ingilis, həm də rus dillərində ünvanlanan suallara təmsilçilərimiz elə həmin dildə cavab veriblər. Duetə verilən suallar içərisində ən maraqlılardan biri Nigara ünvanlanmışdı: "əks cinsin tərəf müqabilliyi ilə məhəbbətdən bəhs edən mahnı ifa etdiyinizə görə həyat yoldaşınız sizi qısqanmır ki?"


Bu sualı təbəssümlə qarşılayan Nigar, "O, hər işimdə mənə arxadır. Bir neçə ay öncə iki övladımla başım qarışanda heç ağlıma da gəlməzdi ki, mən nə vaxtsa müğənni olaram, hətta böyük səhnəyə qədər gəlib çıxaram. İndi çox xoşbəxtəm", deyib.


Avstraliya radiosunun müxbiri isə Eldara maraqlı sual ünvanlayıb: "bilirik ki, nənəniz məşhur aktrisadır. Belə nəslin nümayəndəsi olmağınız bu sənət seçiminə təsir göstərib?" Eldar isə cavabında, "Əlbəttə ki, sənətə sevgim və istedadıma görə nənəmə çox minnətdaram", deyib.


Növbəti sualı Rusiyalı jurnalist səsləndirib: "Çox maraqlıdır ki, siz bayaqdan bəri bir neçə dildə sərbəst danışırsınız. Növbəti öyrənmək istədiyiniz dillər hansıdır?" Bu suala Eldar "Fransız və İspan", Nigar isə "İspan və İtalyan", - deyə cavab verib.


Təmsilçilərimiz poliqlot olmaları ilə hamını təəccübləndirə bildilər. İndi qalır mahnı ifası...

Elvin Babayev

O.M.