KİVDF Müşahidə Şurasının növbəti iclası keçirildi

KİVDF Müşahidə Şurasının növbəti iclası keçirildi

5 Fevral 2013 20:00
Bəyəndim (0) Bəyənmədim (0)
“Fondun 2012-ci ildə fəaliyyəti barədə yekun hesabatı” və “2013-cü ildə Fondun Tədbirlər Planı” müzakirə olunaraq qəbul edildi

05 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, Şura üzvlərini gündəliklə tanış etmişdir.

Gündəliyə uyğun olaraq, "Fondun 2012-ci ildə fəaliyyəti barədə yekun hesabatı"nı Fondun icraçı direktoru Vüqar Səfərli təqdim etmişdir. 2012-ci ildə görülən işlər və sərf olunmuş maliyyə vəsaiti barədə məlumat verən Vüqar Səfərli Müşahidə Şurası üzvlərinin mövzu ətrafında suallarını cavablandırmışdır. Sonra Şura üzvləri çıxış edərək hesabat və ümumilikdə 2012-ci ildə görülmüş işlər barədə fikirlərini səsləndiriblər. Onlar Fondun bu dövr üçün fəaliyyətini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqbul saymışlar. Hesabat Şura üzvlərinin yekdil qərarı ilə qəbul edilmişdir.

Gündəlikdə yer alan növbəti məsələ "2013-cü ildə Fondun Tədbirlər Planı" olmuşdur. 2013-cü il üçün tərtib edilmiş Tədbirlər Planı da iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.

Bundan sonra 2013-cü il ərzində həyata keçiriləcək layihə və müsabiqələrə təqdim olunacaq yazıların qiymətləndirilməsi üçün "Fondun ekspertlərinin tərkibinə baxılmış və təsdiq edilmişdir.

Sonda 2013-cü il Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaydaları və istiqamətləri müzakirə edilərək, müsabiqənin 10 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul edilmişdir.

O.M.