Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

6 Fevral 2013 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda magistraturaya qəbul imtahanının və magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanının vaxtı açıqlanıb. Xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, sınaq imtahanı fevralın 17-də keçiriləcək. Onun sözlərinə görə, bu gündən etibarən sınaq imtahanlarına internet vasitəsilə qeydiyyat başlayıb.
N.Əliyev ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanının birinci mərhələsinin martın 3-də keçiriləcəyini açıqlayıb. O qeyd edib ki, magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir: "Birinci mərhələdə bakalavarların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK-nin minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar".

O.M.