TQDK müəllimlərin çoxunun peşəkarlıq səviyyəsindən narazıdır

TQDK müəllimlərin çoxunun peşəkarlıq səviyyəsindən narazıdır

4 Fevral 2013 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
TQDK: Orta məktəblərdə tədris prosesi normal aparılmır, tələbkarlıq zəifdir, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır

Azərbaycanın orta məktəblərində orta statistik abituriyent məktəb proqramının yalnız 25-53 faizini mənimsəyir. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib. Məlumatda bildirilib ki, bunun başlıca səbəbi ümumtəhsil müəssisələrində tələbkarlığın aşağı olmasıdır. Belə ki, TQDK ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portretini müəyyənləşdirib. Məlum olub ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 40,73, ədəbiyyatdan 32,93, riyaziyyatdan I, II qruplarda 27,33, III, IV qruplarda 25.18, fizikadan 24.90, kimyadan 27,42, biologiyadan 34,35, tarixdən 30,42, Azərbaycan tarixindən 39,19, coğrafiyadan 31,21, ingilis dilindən I qrupda 28,38, II, III qruplarda 36.69 faizinə düzgün cavab verib. Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 49.26, ədəbiyyatdan 43.62, riyaziyyatdan I, II qruplarda 32.87, III, IV qruplarda 30.42, fizikadan 31.13, kimyadan 34.18, biologiyadan 40.31, tarixdən 29.24, Azərbaycan tarixindən 36.44, coğrafiyadan 30.68, ingilis dilindən I qrupda 46.10, II, III qruplarda 52.62 faizini düzgün cavablandırıb. Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent testlərin yalnız 25-53 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 47-75 faizini mənimsəmir. TQDK hesab edir ki, bu isə ümumtəhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.

O.M.