Nizam-intizamı pozan sürücülərə qarşı reydlər başladı

Nizam-intizamı pozan sürücülərə qarşı reydlər başladı

1 Fevral 2013 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq edilmiş xüsusi işçi qrupu tərəfindən bu gündən etibarən Bakı şəhəri ərazisində ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizamın yaradılması və baş verən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə xüsusi reydlərə başlayıb.
Reydlər paytaxtın Parlament prospekti ilə M.Müşfiq küçəsinin kəsişməsində, H.Cavid prospektində, İnşaatçılar, R.Behbudov, metronun "20 Yanvar" stansiyası, Neftçilər prospekti - "Azneft" dairəsi ərazilərindəki avtobus dayanacaqlarında aparılıb. Yanvarın 31-də saat 16:00-dək yol verilən müxtəlif qayda pozuntuları - müvafiq kateqoriyası, sürücülük vəsiqəsi, texniki pasportu və ya ümumiyyətlə heç bir sənədi olmadığına görə yol polisləri tərəfindən 36 avtobus cərimə meydançasına aparılıb.
Bundan başqa, reyd zamanı avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən qeyri-qanuni zəbt edilməsi faktları da aşkarlanıb və 48 sürücüyə inzibati protokol tərtib edilib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaiqf Əsədovun bildirdiyinə görə, belə faktlar avtobus sürücülərini nəqliyyat vastitələrini yolun hərəkət hissəsinin 2-ci cərgəsində saxlamağa məcbur edir. Ona görə də paralel olaraq taksi fəaliyyəti ilə məşğul olan sürücülərin də məsuliyyətə cəlb edilməsi istiqamətində yol polisi tərəfindən təxirəsalınmaz tədbirlər keçirilir.
Bundan əlavə, paytaxtda 400-ə yaxın ərazidə 2 minə yaxın quraşdırılmış video-nəzarət kameraları vasitəsilə hərəkətə nəzarət edərkən avtobus sürücülərinin işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi, qoşa xətti kəsib əks istiqamətli yol zolağına daxil olması, avtobusu yolların hərəkət hissəsində saxlayıb sərnişinlərin düşüb-mindirilməsi faktları aşkarlandıqda onlar barəsində tədbir görülməsi üçün hazırlanmış fotomateriallar əsasında da həmin sürücülər aşkarlanaraq məsuliyyətə cəlb edilib.
Bu gün keçirilən reyddə sərnişinlərlə dolu 1 avtobusun yanacaqdoldurma stansiyasına daxil olması faktı və avtobus dayanacaqlarından kənarda, yolların hərəkət hissəsində 2-ci cərgədə dayanaraq sərnişinlərin düşüb-minməsini təmin etmiş 8 avtomobil sürücüsünə inzibati qaydada protokol tərtib edilib. İnşaatçılar prospektində işıqforun qırmızı işığında hərəkət etdiyinə görə avtobus sürücüsünə inzibati protokol tərtib edilib.
Keçirilən bu reyddə Nəqliyyat Nazirliyi tərəfindən sürücülərə verilmiş xüsusi vəsiqələrin istifadənin zəif aparıldığı müşahidə edilib və bu istiqamətdə maarifləndirmə işləri aparılıb. Reydlər zamanı sürücülərin əksəiyyətinin vahid geyim formasını daşımadığı da aşkar edilib.
Bölmə rəisi bildirib ki, xüsusi işçi qrupu tərəfindən keçirilən bu reydlər mütəmadi olaraq davam etdiriləcək.
"Sərnişindaşıma ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Onlardan xahiş və tələb edilir ki, nizam-intizamın yaradılmasında məsuliyyətlərini artırsınlar. Məqsədimiz yol hərəkətində təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün də hər bir hərəkət iştirakçısı bu məsələdə maraqlı olmalıdır", - Əsədov vurğulayıb.

O.M.