Azərbaycanın gömrük orqanları ötən il 3,9 mln. manat dəyərində qaçaqmalçılıq əşyaları tutub

Azərbaycanın gömrük orqanları ötən il 3,9 mln. manat dəyərində qaçaqmalçılıq əşyaları tutub

1 Fevral 2013 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın gömrük orqanlarının 2012-ci ildə hüquq-mühafizə fəaliyyəti əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi, habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi yolu ilə Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunmasına, hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə yönəlib. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2012-ci il ərzində 14 606 hüquqpozma faktı aşkar edilib ki, bunlardan 272-i cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 855 085 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 312 nəfərin (237 nəfər Azərbaycan, 75 nəfər xarici vətəndaş) barəsində müvafiq tədbirlər görülüb.
Azərbaycanın gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2012-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 136,876 kq narkotik, o cümlədən, 107,513 kq həşiş, 3,869 kq heroin, 10,540 kq tiryək, 0,216 qram kokain, 102,17 qram marixuana, 9,42 qram metadon, 12,613 kq metamfetamin və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 110 nəfər (103 kişi, 7 qadın) barəsində müvafiq tədbirlər görülüb. Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 narkoqrup zərərsizləşdirilib.
Narkotik vasitələrin qaçaqmalçılığının transmilli xarakteri ona qarşı mübarizədə beynəlxalq əməkdaşlığı zəruri edir. Ona görə də hesabat ilində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, GUAM və digər beynəlxalq təşkilatlarla, habelə digər ölkələrin gömrük xidmətləri ilə sıx əməkdaşlıq edilib, bu istiqamətdə birgə tədbirlər həyata keçirilib.
Ötən il aşkar olunmuş 14 334 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 373 hüquqi şəxs (o cümlədən, 165 xarici hüquqi şəxs) və 13 945 fiziki şəxs (o cümlədən, 8 827 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 172 525 manat cərimə tətbiq olunmaqla, dəyəri 182 352 manat olan mallar müsadirə edilib.
Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində qanunvericiliyin tələblərini pozan şəxslərdən – 337 972 ABŞ dolları, 12 738 avro, 18 516 100 rus rublu, 4,651 kq qızıl, 1 391 745 manat dəyərində 38 ədəd qızıl əşya, 10,218 kq gümüş, 63 565 manat dəyərində 3 716 ədəd gümüş əşya, 334 karat qiymətli daşlar tutulub.
Eyni zamanda, alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilib, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 818 728 ədəd xaricdə istehsal olunan siqaret, 1 240 litr və 26 646 ədəd spirtli içki saxlanılıb.
Hesabat ilində mobil telefonlarla əlaqədar törədilmiş hüquqpozmaların xüsusi həcminin artımı müşahidə olunub, hüquqpozma predmeti kimi 13 322 ədəd mobil telefon götürülüb. Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov silahı, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbir görülüb.

O.M.