Ziyafət Əsgərov ABŞ-lı diplomatla görüşüb

Ziyafət Əsgərov ABŞ-lı diplomatla görüşüb

29 Aprel 2011 11:43
Bəyəndim (0) Bəyənmədim (0)


Aprelin 28-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Silahlı Qüvvələr və Nəqliyyat Komitələrinin üzvü, Azərbaycanla işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.



Z. Əsgərov ABŞ-la NATO-nun həyata keçirdiyi proqramlar çərçivəsində də yaxından əməkdaşlıq etdiyimizi vurğulayıb. O, " Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında NATO-nun tədbirlərində ən çox iştirak edən ölkədir. Məlum 11 sentyabr hadisələrindən sonra Heydər Əliyev bəyanatla çıxış edərək terroru qətiyyətlə pisləmiş və antiterror əməliyyatlarında Azərbaycanın ABŞ-ın yanında olduğunu qeyd edib. Bu ondan irəli gəlir ki, Azərbaycan özü də terrordan əziyyət çəkən ölkədir və terrorun nə olduğunu yaxşı başa düşür " deyib.



Sonra Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, bir milyondan çox insan doğma yurd-yuvalarından didərgin düşüb, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyıb, problemin ədalətli həlli ilə əlaqədar qətnamə və qərarlar qəbul edib.



Konqresmen Azərbaycanın müstəqillik dövründə əldə etdiyi uğurları da xüsusi qeyd edərək deyib ki, ABŞ-ın indiki səviyyəyə çatması üçün 230 ildən çox vaxt lazım gəlib. Azərbaycan isə 20 ildə xeyli uğur qazanıb.


Söhbətdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, energetika sahəsində həyata keçirilən əməkdaşlıq və digər sahələrdə münasibətlərimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Görüşdə Milli Məclisin komitə sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, millət vəkili Sabir Hacıyev, ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev, ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə və digər rəsmi şəxslər iştirak edib.