Amerikalı biznesmenlər Bakıya gələcək

Amerikalı biznesmenlər Bakıya gələcək

29 Aprel 2011 11:25
Bəyəndim (0) Bəyənmədim (0)


İyunun 3-də Bakıda ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə "Amerika və Azərbaycan üçün Biznes İmkanları" biznes və sərmayə konfransı keçiriləcək. Bu barədə USACC-in Vaşinqtondakı baş qərargahından bildirilib.

Bakıda keçiriləcək birgünlük konfrans Birləşmiş Ştatların və Azərbaycanın tanınmış biznes liderlərini, iş adamlarını bir araya gətirərək iki ölkə arasında yeni biznes və ticarət əlaqələrinin genişləndirilməsində konkret layihələrə həsr olunacaq.


USACC-nin icraçı direktoru Mahir İsgəndərin bildirdiyinə görə, Azərbaycanın son illər iqtisadi artımının yenilməz surəti ölkəni ABŞ iş adamları üçün cəlbedici sərmayə qoyuluşu məkanına çevirib. Dünya maliyyə böhranı yaşandığı bir dövrdə, ölkəmizin təkcə qeyri-neft sektorunda nümayiş etdirdiyi artım 5,9% təşkil edib.


M. İsgəndərin sözlərinə görə, USACC real biznes əlaqələrinin və yeni tərəfdaşlığın qurulmasına yardım etmək niyyəti ilə təşkil etdiyi konfransda altı müzakirə sessiyasını Azərbaycanın turizm, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat, inşaat və digər sahələrində sərmayə imkanları, buraya Amerika kapitalının gətirilməsi, Azərbaycanın yeni enerji reallıqları, dünya şöhrətli biznes şəbəkələrinin Azərbaycanda açılması kimi mövzulara həsr edəcəkdir.


Hyat Regency mehmanxanasında keçiriləcək konfrans Azərbaycan Beynəlxalq Bankı, Azercell, Çevron və BP şirkətlərinin sponsorluğu ilə təşkil olunacaqdır.