Yunan gəncləri Azərbaycan haqqında nə bilir?

Yunan gəncləri Azərbaycan haqqında nə bilir?

27 Aprel 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)


Gənclər və İdman Nazirliyi Azərbaycanın Yunanıstandakı səfirliyi ilə birgə Yunanıstan universitetlərinin tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse müsabiqəsi keçirib.

Müsabiqədə Yunanıstanın İndianapolis Universitetinin Afina filialının, Afina, İoannina və Salonikinin Aristotel universitetlərinin tələbələri iştirak edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə qalib gəlmiş yunan tələbələr hazırda Bakıdadırlar. Yunanıstan nümayəndə heyətinə İnianapolis Uinversitetinin Afina filialının prezidenti Vasilis John Botopoulos və həmin universitetin akademik məsələlər üzrə prorektoru Sousana Michailidou rəhbərlik edir.


Nümayəndə heyəti səfər müddətində gənclər və idman naziri Azad Rəhimovla görüşəcək, eyni zamanda mükafatlandırılacaqlar. Bununla bərabər gənclər Xəzər və Slavyan universitetlərinin Yunanıstan kafedrasında da görüşdə olacaqlar.


Azərbaycan tarixi ilə daha yaxından tanış olmaq məqsədi ilə qonaqlar Tarix muzeyi, İçəri şəhər (Qız Qalası, Şirvanşahlar Sarayı), Qobustan tarixi-etnoqrafik və bədii qoruğu, Lətif Kərimov adına Dövlət Xalçaçılıq Muzeyi və Bakıda fəaliyyət göstərən Sinaqoq, Kilsə, Məsciddə olacaqlar.


qeyd edək ki, "Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsi hazırda bir neçə ölkədə də keçirilməkdədir. Misirdə təşkil edilmiş müsabiqənin qalibləri artıq bəllidir. Malayziya, Özbəkistan, Avstriya, və Qazaxıstanda isə müsabiqələr davam etməkdədir. Müsabiqələrin may ayında yekunlaşacağı və qaliblərin yay aylarında Azərbaycana səfər ediləcəkləri nəzərdə tutulur.