Qusarda dəm qazı faciəsi daha bir faciəyə yol açdı, eyni ailədən ölənlərin sayı 8 oldu

Qusarda dəm qazı faciəsi daha bir faciəyə yol açdı, eyni ailədən ölənlərin sayı 8 oldu

18 Fevral 12:17
257
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Qusar şəhərində gənc ata-ana və onların 3 azyaşlı uşaqlarının dəm qazından boğularaq həlak olması daha bir dəhşətli faciəyə yol açıb.

Oxuməni.az xəbər verir ki, həmin ailənin yaxınları baş vermiş faciə ilə bağlı Bakıdan Qusara yola düşərkən Sumqayıt yaxınlığında avtomobil qəzasına düşərək həlak olublar. Beləliklə, dəm qazı faciəsi eyni ailədən və onların yaxınlarından ibarət olmaqla cəmi 8 nəfərin həyatına son qoyub.

Xəbər verildiyi kimi, ötən gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq həlak olublar.

Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da faciə ilə bağlı təcili Qusara yola düşərkən yolda qəzaya uğrayaraq həlak olub. Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb. Məlumata görə, ailə 6 ay öncə övlad sahibi olub. Onlar Sumqayıtda yaşayıblar. Eyni gündə ailəsi ilə birgə həlak olan Əminə ilə Fidan üç bacı olublar. (“Qafqazinfo”)

Qusardakı hadisənin baş verməsinə gəlincə, ilkin ehtimallara görə, Şıxovlar ailəsinin evində qazla işləyən “ceyran peçi” olub. Ailə üzvləri yuxuda olarkən qaz sızması baş verib və məlum faciə ilə nəticələnib.

Səhər Rusifin atası zəng etsə də, telefona cavab verən olmayıb. Ailənin iki məktəbli üzvü də səhər saatlarında məktəbə getməli imiş. Baba zəngə cavab vermədikləri üçün narahat olub və evə gəlib. Qapını döysə də, heç kim açmayıb. Qısa müddət sonra isə məlum faciənin baş verdiyi aydınlaşıb.

Dəm qazı nəticəsində həlak olan ailə üzvlərinin dəfn mərasimi bu gün Qusarda baş tutacaq.