Qubada 23 yaşlı toya hazırlaşan gənc qız qəza nəticəsində dünyasını dəyişib

Qubada 23 yaşlı toya hazırlaşan gənc qız qəza nəticəsində dünyasını dəyişib

10 İyul 2012 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 9-u axşam saatlarında Quba rayonu ərazisində bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Apa-nın məlumatına görə, qəza Quba-Qonaqkənd yolunda qeydə alınıb. Quba rayonu, Utuq kənd sakini Adıgözəlov Qalib Firəng oğlunun idarə etdiyi "Vilis" markalı avtomaşının təkəri çıxıb və maşın dərəyə yuvarlanıb. Nəticədə Quba rayonu, Utuq kənd sakini, 23 yaşlı Adıgözəlova Rəmziyyə Firəng qızı dünyasını dəyişib. Onun nişanlısı, Quba rayonu, Utuq kənd sakini, 23 yaşlı Seyidəliyev Söhrab Seyidağa oğlu, Utuq kəndinin digər sakinləri, 1963-cü il təvəllüdlü Adıgözəlov Firəng Abasəlim oğlu və 1960-cı il təvəllüdlü Cəfərov Əmirqulu Əlimurad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəza zamanı dünyası dəyişən 23 yaşlı Rəmziyyə Adıgözəlovanın iyulun 25-i toyu olacaqmış. Qəza onlar Quba rayonundan cehiz alaraq Utuq kəndinə qayıdarkən baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

O.M.