AZAL “Yeni Müsavat” qəzetindən 500 min manat təzminat tələb edir

AZAL “Yeni Müsavat” qəzetindən 500 min manat təzminat tələb edir

5 İyul 2012 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Nizami Rayon məhkəməsində Azərbaycan Hava Yolları QSC-nin (AZAL) "Yeni Müsavat" qəzetinə qarşı qaldırdığı iddia ərizəsi əsasında məhkəmə prosesi keçirilib. Bu barədə musavat.com saytına qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib: "Məhkəməyə təqdim olunan və narazılıq yaradan yazı başqa bir mətbu orqanına istinadla verilib. Yazı istinadla verildiyindən məsuliyyət qəzetin üzərinə düşmür. Həmçinin Azərbaycanda açıq və şəffaf cəmiyyət olsaydı, məqalədə yazılanlar araşdırılaraq yoxlanılmalı idi. "Yeni Müsavat"ı məhkəməyə vermək mətbuata qarşı daha bir basqıdır. Ümumilikdə "Yeni Müsavat"dan məhkəmə vasitəsilə tələb olunan təzminatlar az qala 3 milyona çatır. Bütün bunların hamısı azad mətbuatı susdurmağa hesablanıb. Onu da qeyd edim ki, AZAL-ın "Yeni Müsavat"a qarşı qaldırdığı iddia tamamilə absurddur".

Məhkəmədə tərəflərin nümayəndələri fikirlərini səsləndiriblər. Proseslə bağlı məhkəmə iyulun 10-da davam edəcək.

Qeyd edək ki, AZAL "Yeni Müsavat" qəzetinin 10 may 2012-ci il tarixli sayında dərc olunan "AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib" başlıqlı məqaləyə etiraz edir. Qurum həmin məqaləyə görə qəzetdən 500 min manat pul istəyir.

O.M.