Qüdrət Həsənquliyev jurnalistlərə açıqlama verib

Qüdrət Həsənquliyev jurnalistlərə açıqlama verib

26 Aprel 2011 16:43
Bəyəndim (0) Bəyənmədim (0)


"Azadlıq" meydanı müxtəlif etiraz və dəstək aksiyaları keçirmək üçün Azərbaycan vətəndaşlarının ixtiyarına verilməlidir.

Bu barədə jurnalistlərə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev müsahibə verib.

Millət vəkili deyib ki, əgər dövlət tədbirləri keçirilmirsə, vətəndaşların orada toplaşmasına icazə verilməlidir: "Bu gün "Azadlıq" meydanından avtodayanacaq kimi istifadə olunur. Necə ola bilər, bu meydan avtomobil parkı kimi yarayır, insanların toplaşması üçün yaramır?"

Millət vəkili hesab edir ki, mitinqlərin keçirilməsinə adi baxmaq lazımdır, onu hadisəyə çevirməyə ehtiyac yoxdur.

İctimai Palatanın təşkil etdiyi aksiyalara münasibət bildirən Q. Həsənquliyev bu qurumun aksiya təşkil etmək hüququnun olduğunu deyib: "Amma milli mənafelər əsas götürülərək müəyyən hüquqlardan imtina olunmalıdır. İndiki mərhələdə hökumətin mitinqlərə reaksiyasının bu cür olmasının kökündə İctimai Palatanın bunu ərəb coğrafiyasındakı inqilablarla əlaqələndirməsi dayanır. Bu da öz növbəsində qıcıq doğurur. Bizdə ərəb inqilablarının həyata keçirilməsi mümkün deyil. Bu gün bəziləri camaatı mitinqə çağırır, özləri isə nələrisə əsas gətirərək aksiyalara çıxmaqdan imtina edirlər. Bu hansı mənəvi dəyərlərə sığır? Əslində, proseslərdə həmişə liderlər öndə olmalıdırlar, daha camaatı küçəyə çıxarıb, özləri evlərində oturmalı deyillər".