Şirvanda çörək sexində partlayış olub, ölən var

Şirvanda çörək sexində partlayış olub, ölən var

30 Avqust 2021 07:02
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvanda çörək sexində partlayış baş verib.

Oxuməni.az-ın məlumatına, hadisə T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb. Partlayış nəticəsində bir nəfər dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil.

***

Şirvanda çörəkbişirmə sexində baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.

Hadisə T.İsmayılov küçəsində yerləşən Şirvan sakini Ziya Əliyevə məxsus çörək bişirmə sexində qeydə alınıb. Avqustun 29-da saat 23:40 radələrində adıçəkilən çörəkbişirmə sexinin qazanxanasında güclü partlayış baş verib. Partlayışın dalğası sexdə olan böyük həcmli buxar qazanlarını 50 metr kənara atıb. Bu zaman həmin qazanlardan biri yaxınlıqda olan Şirvan sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğluna dəyib və o, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Eyni zamanda, orada olan "VAZ 2115" markalı avtomobil dalğanın həmin əraziyə atdığı digər qazanın zərbəsindən yararsız hala düşüb.

Partlayış, həmçinin yanğınla müşayiət olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb. Partlayışın səbəbləri hadisə yerinin tədqiqatından sonra məlum olacaq.

Faktla bağlı araşdırma davam etdirilir.